Sorğu
    Saytımız necədir?
    Всего ответов: 171
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Fizika fənni kurikulumu (VI-IX siniflər)


Layihə


Giriş


Fizika fənni kurikulumu və onun xarakterik cəhətləri.
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu fizika təliminin əsas məqsəd və vəzifələrini müəyyənləşdirməklə ümumi təlim nəticə¬lə¬ri¬nə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən, cəmiyyətin ehti¬yac və tələbləri nəzərə alınmaqla hər bir şagirdin imkan və maraqlarına yönəlmiş sənəddir. Bu sənəd fənnin əhəmiyyətini, məqsəd və vəzifələrini, ümumi təlim nəticə¬lərini, məzmun xətləri və onların əsaslan¬dırıl¬ma¬sını, məzmun xətləri üzrə standartları, fəaliyyət xətlərini, təhsil pillələri üzrə ümumi təlim nəticələrini, hər bir sinif üzrə məzmun standartlarını əhatə edir. Bunlardan əlavə, orada təlim strategiyaları və qiymətləndirmə məsələləri öz əksini tapır.

Fizika kurikulumu dərslik və dərs vəsaitlərinin, metodik göstəriş, multimediya və digər tədris vasitələrinin yaradılması, təlim materiallarının planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və tətbiq olunması üçün müvafiq təlimatlar formasında hazırlanacaq qaydaların əsasını təşkil edir, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla tərtib olunur. Orada şəxsiyyətyönümlülük, nəticəyönümlülük və inkişafetdiricilik əsas keyfiyyətlər kimi nəzərə alınır.

Fizika kurikulumu cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan gənc nəslin dövrün tələblərinə uyğun formalaşdırılması, qarşılaşdığı problemləri müəyyənləşdirməsi və həll etməsi üçün zəruri bilik və bacarıqlara yiyələnməsində, politexnik təhsilini inkişaf etdirməklə praktik həyata hazırlanmasında, məntiqi və yaradıcı təfəkkürünün inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.

Fizika həyat elmidir. Həyatın bir sıra qanunları, qanunauyğunluqları bu elmin tədqiqat obyekti kimi araşdırılır. Şagirdlərin hələ məktəb yaşlarından bu qanun və qanunauyğunluqlara, müxtəlif fiziki hadisələrə yaxından bələd olması onların həyat, təbiət haqqında dünyagörüşünü artırmaqla yanaşı, cəmiyyətdə yaşamaq üçün bir sıra həyati bacarıqları mənimsəmələrinə imkan yaradır. Cəmiyyətin müxtəlif sahələrində həyatda bir insan kimi formalaşmalarına təkan verir. Bu prosesi tənzimləmək şagirdlərin inkişafını ardıcıl olaraq izləmək, onları istiqamətləndirmək üçün fizika fənninin məzmunu nəticələr formasında təqdim olunur. Mahiyyət etibarilə bacarıqlardan ibarət olan bu nəticələr ölçülə bildiyindən məzmun standartı kimi qəbul edilərək fizika fənn kurikulumunda aparıcı yer tutur və bütövlükdə kurikulum üçün xarakterik cəhətlərdən biri olan nəticəyönümlülüyü təmin edir.

Fizika kurikulumunda sadəcə anlayışların deyil, bacarıq formasında ifadə edilmiş nəticələrin bir-biri ilə, eləcə də digər fənlərə aid nəticələrlə əlaqələndirilməsinə xüsusi diqqət yetirilmiş, onlar xüsusi cədvəl şəklində ümumiləşdirilmişdır. Bu, kurikuluma inteqtariv xarakter gətirməklə onun fənlər üçün vahid olan bir məqsədə – bütöv şəxsiyyətin formalaşdırılmasına yönəlmiş sənəd kimi dəyərini gücləndirmişdir.

Fizika fənni kurikulumu həm də müəllim və şagird, eləcə də qiymətləndirmə fəaliyyətlərini özündə ehtiva etməklə kompleks xarakter daşıyır. O, bütövlükdə fizika təlimi prosesinin nizamlanması, həyata keçirilməsi üçün geniş imkanlara malik olması ilə fərqlənir. Fizikanın öyrənilməsi prosesində dərslik müəllifinin, məktəb rəhbərinin, müəllim və şagirdlərin, valideynlərin, eləcə də marağı olan hər kəsin təlabatlarına uyğun açıq bir sistemə malik olur. Bu sistem ardıcıl olaraq yeniləşməklə inkişaf edir.

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Təbiətdə müşahidə olunan bütün proses və hadisələr müəyyən qanunlar əsasında baş verir. Bütün elmlərin əsas məqsədi proses və hadisələrdə qanunauyğun əlaqləri aşkar etmək və öyrənməkdən ibarətdir.

Fizika təbiət haqqında elm olub materiyanın müxtəlif formalarını, onun xas-sələrini və qarşılıqlı çevrilmələrini öyrənir. Fizikanın qanunauyğunluqları təbiət¬də baş verən bütün hadisələrin, cansız və canlı materiyanın qarşılıqlı əlaqələrinin öyrənilməsində, elmi-texniki tərəq¬qinin inkişafında aparıcı rol oynayır. Buna görə də fizika fənninin öyrənilməsi şagirdlərə digər təbiət elmlərinin mənimsənilməsinə, təbiət hadisələrinə, elm, texnika və istehsalatın müxtəlif sahələrinə yaxından bələd olmaq imkanı verir.

Fiziki anlayışları mənimsəməklə şagirdlərdə idrak qabiliyyətinin inkişafına, elmi dünya¬görü¬şün formalaşmasına, iradə və xarakterin tərbiyə edilməsinə, müşahidəetmə, məntiqi düşünmə, dəqiqləşdirmə, analiz və sintez, mühakiməyürütmə, problemi müəyyənləşdirmə, həlletmə və s. bacarıqların formalaşmasına zəmin yaradılır. Bu isə şagirdlərdə empirik, politexnik, məntiqi, tənqidi, yaradıcı təfəkkürü formalaşdırır.

Bəşəriyyət yaranan gündən insanlar öz yaşayış tərzini yaxşılaşdırmaq, əməyini yüngülləşdirmək, istehsal sahələrini genişləndirmək, ölkənin müdafiə sistemini qurmaq, yeni enerji mənbələri axtarmaq, təbiət hadisələrini müşahidə edərək baş verə biləcək təbii fəlakətləri qabaqcadan proqnozlaşdırmaq və qarşısını almaq kimi müxtəlif həyati məsələlərin həllini axtarmışlar. Nəticədə yeni-yeni ixtiralar və kəşflər meydana gəlmişdir. Bütün bunlar fizika elminin inkişafı, onun qanunları və qanununauyğunluqları sayəsində mümkün olmuşdur. Cəmiyyətin sosial-iqtisadi inkişafı fizikanın nailiyyətləri ilə əlaqəli surətdə elə qurulmuşdur ki, hal-hazırda müasir həyatı fizikasız təsəvvür etmək mümkün deyil¬dir¬. Belə ki, sənayeyə, kənd təsərrüfatına, nəqliyyat və rabitəyə, informa¬siya-kommunikasiya texnologiyalarına, mədəniyyətin müxtəlif sahə¬lərinə, təbabətə və insanların məişətinə geniş tətbiq olunan texni¬ka¬nın¬ sürətli inkişafı, müxtəlif texniki qurğuların hazırlanması və istismarı kəşf olunan, öyrənilən hadisələrin və təbiət qanunlarının tətbiqinə əsas¬la¬nır. Məhz buna görə də fizikanı öyrənmək cəmiyyətin bütün üzv¬lə¬ri-nə: fəhləyə, kənd təsərrüfatı işçisinə, texnikə, texnoloqa, mühəndisə, konstruktora, neftçiyə, geoloqa, həkimə, xalq təsərrüfatının müxtəlif sahə¬lərində çalışan digər peşə sahiblərinə lazımdır. Müharibə şəraitində yaşayan ölkə vətəndaşlarının vətənpərvər ruhda tərbiyə olunması, hərbi texnikanın sirlərinə yiyələnməsi üçün ümumtəhsil məktəblə¬rin¬də fizikanın tədrisinə xüsusi ehtiyac vardır.

Fizika elmi-texnoloji təkamülün əsasıdır.

Ümumtəhsil məktəblərində fizikanın tədrisi şəxsiyyətin formalaş¬masında müstəsna rol oynayır və aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyət daşıyır:


• Fizika zehni inkişafın bir vasitəsidir. Fizikanın öyrənilməsi şagirdlərin məntiqi təfəkkürünü formalaşdırmaq, mühakimə və dərketmə qabiliyyətini yüksəltmək, nitqini inkişaf etdirmək üçün güclü vasitədir. Müşahidələrə qiymət vermək, eksperiment aparmaq, fiziki hadisələr arasında əlaqəni izah etməyi bacarmaq, nəticəni qabaqcadan duymaq, proqnozlar vermək, fərziyyə və nəzəriyyələri eksperimentdə yoxlamaq məntiqi təfəkkürü inkişaf etdirir. Şagirdlər hadisənin, faktın, tərifin, qanunun yazılı və şifahi dildə düzgün şərhini verməklə nitqlərini inkişaf etdirirlər.
• Fizika şəxsi keyfiyyətləri formalaşdıran vasitədir. Ümumtəhsil məktəblərində fizikanın tədrisi şagirdlərdə çoxlu şəxsi keyfiyyətlər formalaşdırır. Bunlara dünya-görüşü, bilik, bacarıq, vərdiş, qabiliyyət, adət, iradə, əməksevərlik və s. aiddir.
Ümumtəhsil məktəblərində fizika fənninin əsas məqsədi şagirdləri təbiət və texnikanın mühüm qanunauyğunluqlarına aid elmi dünyagörüşünə yiyələndirməklə onlarda təfəkkür mədəniyyətini, kommunikativ mədəniyyəti inkişaf etdirməkdən, müasir texnologiyalarla işləmək qabiliyyəti formalaşdırmaqdan ibarətdir. Bu məqsədin həyata keçirilməsi aşağıdakı vəzifələrin reallaşdırılmasından asılıdır:
• fizika elminin əsaslarına aid ən mühüm faktlara, qanunlara və onların praktikada tətbiqinə dair anlayışların formalaşdırılması;
• şagirdlərdə ölçü cihazları və laboratoriya avadanlıqları ilə işləmək, həmçinin müxtəlif hesablamalar aparmaq, alınan nəticələri təhlil etmək bacarıqlarının formalaşdırması;
• texniki yaradıcılıq və ixtiraçılıq qabiliyyətinin inkişaf etdirilməsi;
• fizikanın ümumbəşəri mədəniyyətin tərkib hissəsi və cəmiyyətin sosial-iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olması haqqında təsəvvürlərin yaradılması;
• dünyanın bütövlükdə dərk edilməsi və müasir fiziki mənzərəsi haqqında təsəvvürlərin formalaşdırılması;
• digər təbiət fənlərinin öyrənilməsi üçün real zəminin yaradılması;
Ümumiyyətlə, fizikanın tədrisi vasitəsi ilə:
• ümumi orta təhsil səviyyəsində təbiətdə baş verən fiziki hadisələrin mahiyyətinin, onların qanunauyğunluqlarının və maddi aləmin dərk olunması, maddələrin quruluşu, zaman və məkan anlayışları əsasında fəza təsəvvürləri və empirik təfəkkürün formalaşdırılması, cəmiyyətin sosial-iqtisadi inkişafında təbiət elmlərinin əsası kimi fizikanın rolu, fizika elminin görkəmli nümayəndələri və elmi nailiyyətləri barədə məlumatların mənimsənilməsi;
• tam orta təhsil səviyyəsində əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri dərinləş¬diril¬məklə fəza və zaman təsəvvürlərinin daha da genişləndirilməsi, fiziki qanunauyğun¬luqların və fundamental fiziki qanunların mahiyyəti və onların tətbiqi, fizikanın digər elmlərlə əlaqəsi, canlı materiyanın öyrənilməsində və texnikanın inkişafında onun aparıcı rolu haqqında məlumatların mənimsənilməsi, şagirdlərdə elmi dünya¬görüşünün formalaşması, tənqidi təfəkkürün inkişafı təmin olunur.

1.Fizika təliminin məzmunu

1.1. Ümumi təlim nəticələri


Ümumi orta təhsil səviyyəsi üzrə şagird:
• təbiət hadisələrini xarakterinə görə qruplaşdırır və onların başvermə səbəblərini fiziki qanunlar əsasında izah edir;
• təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir;
• fiziki hadisələri müşahidə edir, nəticələri ümumiləşdirir və onlar haqqında mülahizələrini təqdim edir;
• fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl edir;
• fizika elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və əhəmiyyəti, görkəmli¬ fizika alimlərinin yaradıcılığı barədə təqdimatlar edir.

Tam orta təhsil səviyyəsi üzrə şagird:

• fiziki qanunların mahiyyətini və xarakterik xüsusiyyətlərini şərh edir;
• fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh edir;
• nəzəri biliklərin həyatda reallaşdırıl¬ması imkanlarını nümayiş etdirir.

1.2. Məzmun xətləri

Məzmun xətti fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hesab edilən tərkib hissəsidir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu sistemləşdirmək və təsnif etmək məqsədi daşıyır. Fizika fənninin məzmun xətləri təhsilin bütün mərhələləri üçün təlimin məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı kimi təyin edilmişdir:

1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər
3. Eksperimental fizika və müasir həyat.


Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
Bu məzmun xətti şagirdlərə mexaniki, istilik, elektromaqnit, işıq, atom və nüvə hadisələrini dərk etməyə, onları xarakterizə edən kəmiyyətlər arasındakı əlaqələrə dair məsələlər üzərində müstəqil işləmək fəaliyyətini və yaradcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan verir. Şagirdlərə müxtəlif mexaniki, atom və molekulların xaotik istilik hərəkəti, yüklü zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin hərəkətlərinin qanun və qanunauyğunluqlarını mənimsəməyə şərait yaradır.

Tam orta təhsil səviyyəsində fundamental saxlanma qanunlarının köməyi ilə hadisənin, prosesin necə baş verməsini qabaqcadan anlamağa və tənzimləməyə, onlardan istifadənin əhəmiyyətini dərk etməyə imkan yaradır. Təbiətdə baş verən hadisələrin mahiyyətini açıqlamağa, onlardan həyati məqsədlər üçün istifadə etməyə, şagirdlərin tədqiqatçılıq meylinin inkişafına zəmin yaradır.

Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.

Bu məzmun xəttində materiyanın maddə və sahə formaları, onların vəhdəti və qarşılıqlı çevrilməsi, maddənin quruluşu, aqreqat halları, qravitasiya, elektromaqnit sahələri, fundamental qarşılıqlı təsirlərin (qravitasiya, elektromaqnit, güclü və zəif) maddələr arasında fiziki sahə vasitəsilə ötürülməsi müxtəlif pillələrdə əlaqəli sistemlərin yaranmasında qarşılıqlı təsirin rolu təbiətin vəhdəti, kainatın yaranması, əlaqəli sistemlərin iyerarxiyası (pilləliyi) haqqında anlayışlar, həmçinin zaman və məkan anlayışları əsasında fəza təsəvvürlərinin formalaşdırılması məsələləri ümumiləşdirilir. Bu təsəvvürlərin formalaşdırılması şagirdlərdə maddi aləmi dərk etmək, dünyanın vahid fiziki mənzərəsini təsvir etmək, məişət və istehsalatda istifadə üçün tələb olunan xassəli materialları seçmək və gündəlik həyatda onlardan istifadə etmək bacarıqlarının inkişaf etməsinə imkan yaradır.

Eksperimental fizika və müasir həyat

Eksperimental fizika və müasir həyat məzmun xətti şagirdlərdə elmi-texniki tərəqqidə, cəmiyyətin sosial-iqtisadi inkişafında, digər təbiət fənlərinin öyrənilməsində fizikanın rolu haqqında təsəvvürlərin yaradılmasına, fiziki hadisə və prosesləri müşahidə etmək, onların elmi-nəzəri əsaslarını dərk etmək, alınan bilikləri sistem¬ləşdir¬mək və praktikada tətbiq etmək bacarıqlarının formalaşdırılmasına, nəticə etibarilə onlarda texniki yaradıcılıq qabiliyyətinin və tədqiqatçılıq meylinin inkişafına zəmin yaradır.

Məzmun xəttinin köməyi ilə fiziki hadisələr müşahidə edilir, müxtəlif təcrübələr aparılır, müəyyən fiziki kəmiyyətlər təhlükəsizlik qaydalarına uyğun olaraq ölçülür, nəticələri cədvəl və qrafiklərdə təsvir edilir, kəmiyyətlər arasındakı qanunauyğunluqlar müəyyənləşdirilir, məişət və istehalatda istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri öyrənilir, təhlükəsiz işləmək bacarıqları formalaşır.


1.3. Məzmun xətləri üzrə təlim nəticələri

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri


1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
Şagird:
• təbiət hadisələrini xarakterinə görə qruplaşdırır, başvermə səbəblərini izah edir;
• təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir.

2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər
Şagird:
• maddələri quruluşuna görə təsnif edir;
• materiyanın maddə və sahə formalarının oxşar və fərqli cəhətlərini izah edir;
• təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsirin rolunu izah edir.

3. Eksperimental fizika və müasir həyat
Şagird:
• təhlükəsizlik qaydalarını gözləməklə cihaz və avadanlıqlardan istifadə edir;
• fiziki hadisələrə aid təcrübələr aparır, nəticələri cədvəl və qrafik şəklində təsvir edir, kəmiyyətlər arasındakı qanunauyğunluqları müəyyənləşdirir;
• texnikanın inkişafında fizika elminin rolu, görkəmli fizika alimlərinin yaradıcılığı barədə təqdimatlar edir.

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
Şagird:
• fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini şərh edir;
• fiziki hadisələrin tətbiqi yollarını şərh edir.

2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər

Şagird:
• maddələrin və sahələrin qarşılıqlı çevrilmələrini şərh edir;
• maddənin quruluşunu və qarşılıqlı çevrilməsini şərh edir;
• təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsir xüsusiyyətlərini şərh edir.

3. Eksperimental fizika və müasir həyat

Şagird:
• müxtəlif fiziki hadisələrə dair təcrübələr qoyur, hesablamalar aparır, nəticələrini təqdim edir;
• fiziki hadisələrin həyatda reallaşdırılması imkanlarını nümayış etdirir;
• cəmiyyətin inkişafında fizika elminin rolu və görkəmli fizika alimləri haqqında araşdırmalar aparır, nəticələrini müxtəlif formalarda (məruzə, referat, təqdimat) təqdim edir.

1.4. Fəaliyyət xətləri

Fizika fənni üzrə məzmun standartlarını reallaşdırmaq üçün aşağıdakı fəaliyyət xətlərindən istifadə olunur:
• mühakiməyürütmə və əsaslandırma;
• problemin həlli;
• ünsiyyət;
• müşahidə, təcrübələrin aparılması;
• tədqiqetmə;
• tətbiqetmə;
• məsələ və çalışma həlli;
• müzakirə;
• təqdimat.

1.5. Siniflər üzrə məzmun standartları