Sorğu
    Saytımız necədir?
    Всего ответов: 168
Faydalı linklər

 
 
 
 
 
 
 
 
 
 
Cihazlar
Manometr (Манометр) - qazların (metal manometr) və mayelərin (mayeli manometr) təzyiqini ölçür. İş prinsipi Paskal qanununa əsaslanır. Kondensator (Конденсатор) - Elektrik yüklərini toplamaq üçündür. İş prinsipi dielektrik mühitlə ayrılmış naqillərin elektrik yüklərini saxlanması hadisəsinə əsaslanır. Termoelement (Термоэлемент) - qızdırıcının daxili enerjisini elektrik enerjisinə çevirir. Psixrometr (Психрометр) - havanın rütubətini ölçür. İş prinsipi quru və nəm (yaş) termometrlərin göstərişləri fərqinə əsaslanır. Tranzistor (Транзистор) - zəif elektromaqnit siqnallarını gücləndirmək üçün işlədilir. İş prinsipi yarımkeçiricilərin elektrik keçiriciliyinə əsaslanır. Transformator (Трансформатор) - dəyişən cərəyanın gərginliyini artırıb azaldan elementdir. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Reostat (Реостат) - dövrədə cərəyan şiddətini tənzimləyən cihaz. İşləmə prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına və Om qanununa əsaslanır. Hiqrometr (Гигрометр) - şeh nöqtəsinə görə rütubəti ölçən cihaz. İş prinsipi doymamış buxarın soyuyaraq doymuş buxara keçməsi hadisəsinə əsaslanır. Dinamometr (Динамометр) - qüvvəni ölçən cihaz. Yaylı dinamometrlərin iş prinsipi Huk qanununa əsaslanır. Diod (Диод) - dəyişən cərəyanı düzləndirmək üçün işlədilir, termoelektron emissiya hadisəsinə əsaslanır. Fotoelement (Фотоэлемент) - dövrəni avtomatik qapayır və ya açır. İşığın təsiri ilə keçiriciliyi artan elementdir. İş prinsipi xarici fotoeffektə əsaslanır. Areometr (Ареометр) - mayelərin sıxlığını təyin edən cihaz. İşləmə prinsipi Arximed qanununa əsaslanır. Barometr (Барометр) - atmosfer təzyiqini ölçən cihaz. İş prinsipi atmosfer təzyiqi ilə metal qutunun sıxılmasına əsaslanır. Elektroskop (Электроскоп) - cisimlərin yüklənməsini aşkar edən cihaz. İş prinsipi Kulon qarşılıqlı təsirinə əsaslanır. Elektrometr (Электрометр) - potensiallar fərqini təyin edən cihaz. İş prinsipi elektromaqnit qarşılıqlı təsirinə əsaslanır. Fotorezistor (Фоторезистор) - zəif işıq selini ölçür. İşığın təsiri ilə müqaviməti dəyişən elementdir. İş prinsipi daxili fotoeffektə əsaslanır. Ampermetr (Амперметр) - cərəyan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur. Voltmetr (Вольтметр) - gərginlik ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə paralel qoşulur.
Tarix
Informasiya
KIV Haqqımda





Son illər ölkəmizdə təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması prioritet istiqamətlərdən birinə çevrilmiş, bu məqsədlə müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bütün bunlar isə təbii ki, İKT-nin təlim prosesinə tətbiqinə də əlverişli şərait yaratmış və nəticədə İKT müasir təlimin ayrılmaz atributuna çevrilmişdir. Hazırda ölkəmizin təhsil müəssisələrində çalışan müəllimlərin böyük qismi təlim prosesində, dərslərində İKT vasitələrindən, İnternet resurslarından istifadə edir, bu sahədə yaradıcı təcrübə nümayiş etdirirlər. Belə müəllimlərimizdən biri Bakının Xətai rayonundakı 264 nömrəli məktəb-liseyin fizika müəllimi Aliyə Səlimovadır.

Ömrünün 40 ilini böyüməkdə olan nəslin təlim-tərbiyəsinə, təbiət qanunlarının dərkinin açarı sayılan fizika fənninin tədrisinə həsr edən, yaradıcı fəaliyyəti ilə tədris etdiyi fənnin metodikasına bir sıra yeniliklər gətirən bu təcrübəli müəllim hazırda nəinki Xətai rayonunda, eləcə də paytaxtımızda İKT-ni tədrisə ustalıqla inteqrasiya edən, elektron dərsliklərdən məharətlə faydalanan, özü elektron resurslar hazırlayaraq dərslərində geniş istifadə edən bacarıqlı pedaqoq kimi tanınır. Onun yaradıcı müəllim kimi həmkarları arasında nüfuz qazanmasında, şübhəsiz, daim təhsildə gedən yeniliklərlə maraqlanması, onları öyrənməsi, öz metodiki arsenalını yenilikçi axtarışlarının nəticələri olan müxtəlif metod vət üsullarla zənginləşdirməsi, dərslərini müasir təlimə verilən tələblər səviyyəsində qurması mühüm rol oynayıb. Aliyə Səlimova çalışdığı məktəbdə interaktiv metodları, İKT-ni tədrisə ilk tətbiq edən fizika müəllimlərindən sayılır. O, 264 nömrəli məktəb-liseydə zəngin fizika kabineti yaradıb. Kabinet müasir televizor, kompüter, MİMİO qurğusu, interaktiv lövhə, proyektor, DVD və digər vasitələrlə təchiz olunub. Müəllimin köməyi ilə şagirdlər disklərdə müxtəlif təqdimatlar hazırlayıb dərsdə nümayiş etdirirlər ki, bu da onlarda fizika fənninə marağı artırır.

Ümumiyyətlə, şagirdlərdə təhsilə, təlimə maraq yaradılması Aliyə Səlimovanın təcrübəsində ən çox diqqət yetirdiyi məsələlərdəndir. Çünki təcrübəli pedaqoq bilir ki, dərketmə prosesinə gedən yol maraqdan keçir və şagirdlərin idrak fəallığını təmin etmək, yaradıcı təfəkkürlərini inkişaf etdirmək üçün onlarda təhsil-təlimə, təlimin əsas təşkilat forması olan dərsə, təlim prosesində yaradıcı fəaliyyətə güclü maraq yaratmaq lazımdır. Belə marağın yaradılması yollarının axtarışı fəaliyyətə başladığı 1972-ci ildən bəri onun bütün elmi-metodik fəaliyyətinin əsas istiqamətinə çevrilmiş, 40 illik pedaqoji fəaliyyəti dövründə onun bir sıra uğurlara imza atmasını şərtləndirmişdir.

1950-ci ildə Neftçala şəhərində anadan olan, 1967-ci ildə Salyan şəhər 1 nömrəli orta məktəbi gümüş medalla, 1972-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirən Aliyə Səlimova ilk əmək fəaliyyətinə Salyan şəhər 1 nömrəli məktəbdə başlamış, 1972-ci ildən 1978-ci ilədək burada fizika müəllimi işləmişdir. Bu 6 illik müddət kifayət etmişdir ki, Aliyə müəllim fizikanın tədrisi sahəsində güclü mütəxəssisləri və zəngin ənənələri olan Salyan təhsilində ad çıxarsın və fərqlənə bilsin. Artıq rayonda yaxşı fizika müəllimi kimi tanınan Aliyə müəllim 1978-ci ildə işlədiyi məktəbə direktor müavini, 1982-ci ildə isə direktor təyin olunmuşdur. 1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar Bakıya köçən Aliyə müəllim həmin ilin oktyabr ayından bütün sonrakı fəaliyyətini buradakı 264 nömrəli məktəblə bağlamışdır. 1984-cü ildən kiçik fasilələrlə 2007-ci ilədək bu təhsil ocağında direktor müavini işləmişdir. İşlədiyi müddət ərzində həmişə ön cərgədə olmuş, təhsildə gedən yeniliklərlə müntəzəm maraqlanmış, onları işində və dərslərində tətbiq etmişdir.

Təcrübəli müəllim A.Səlimova gənc müəllimlərə həmişə kömək göstərmiş, öz metodik ustalıqlarını artırmaq üçün onlara dəyərli məsləhət və tövsiyələrini vermişdir.

Çoxillik pedaqoji fəaliyyəti, elmi-metodik istiqamətdə axtarışları yüksək qiymətləndirilən A.Səlimova dəfələrlə müxtəlif təşkilatların, təhsil qurumlarının fəxri fərmanları ilə, diplomlarla təltif olunmuş, 2000-ci illərin əvvəllərində keçirilən pedaqoji mühazirələrin, "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur.

Yaşının 60-ı ötməsinə baxmayaraq, Aliyə müəllim bu gün də təhsilimizin öncülləri sırasındadır və müasir təlim texnologiyalarının tədrisə tətbiqi sahəsində nəinki yaşlı həmkarlarına, həm də gənc müəllimlərə əsl örnək göstərir.

Ötən ilin may ayından başlayaraq Aliyə Səlimova elmi-metodik axtarışlarını yeni istiqamətdə davam etdirir, fizikanın ayrı-ayrı mövzuları üzrə elektron dərslər hazırlayır, dərslərində istifadə etmək üçün İnternet resursları toplayır. İndiyədək o, məktəb-liseydə İKT-nin tətbiqi ilə silsilə "açıq dərs"lər vermiş, bu sahədəki təcrübəsini həmkarlarına çatdırmışdır.

8 mart - Beynəlxalq Qadınlar günü ərəfəsində isə 264 nömrəli məktəb-liseydə BŞTİ Metodik Mərkəzinin təşəbbüsü ilə əsasən A.Səlimovanın təcrübəsi ilə tanışlığa həsr olunmuş Xətai rayonundakı ümumtəhsil məktəblərinin fizika fənni üzrə metodbirləşmə sədrlərinin seminarı keçirilmişdir. Seminarı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Xətai-Suraxanı bölməsinin fizika üzrə metodisti Vaqif Bayramov açaraq "İKT-nin dərslərdə tətbiqi, elektron dərslərdən istifadə, İnternet resurslarının hazırlanması" mövzusunda çıxış etdi. O, çıxışında İKT-nin təhsilə tətbiqi istiqamətində son illər ölkəmizdə görülən işlər haqqında geniş məlumat verərək bu sahədə müəllimlərin, o cümlədən fizika müəllimlərinin qarşısında duran vəzifələrdən danışdı. Sonra metodbirləşmə sədrləri 264 nömrəli məktəb-liseyin direktor müavini, ixtisasca fizika müəllimi olan Mehdi Həsənovun "İKT-dən fizika dərslərində istifadə etməyin yolları" adlı məruzəsini dinlədilər. Məruzədə İKT-nin tətbiqi ilə keçilən dərslərin üstünlükləri diqqətə çatdırıldı.

Seminarın praktik hissəsində isə təcrübəsi öyrənilən Aliyə Səlimova İKT-nin tətbiqi ilə keçdiyi dərslər haqqında təqdimatla çıxış etdi. O, seminar iştirakçılarına son vaxtlar MİMİO qurğusu vasitəsi ilə keçdiyi "Sabit elektrik cərəyanı", "Ağırlıq qüvvəsi", "Səs dalğaları", "Nyuton qanunları" mövzularında dərsləri nümayiş etdirdi.

"Sabit elektrik cərəyanı" mövzusunu tədris etmək üçün A.Səlimova İnternet resurslarından istifadə etməklə 25 slayddan ibarət elektron dərs hazırlamışdır. Həmin slaydları interaktiv lövhədə nümayiş etdirməklə dərsi necə aparması, motivasiya üçün şagirdlərə hansı sualları verməsi, onların verdiyi cavabların düzgünlüyünün necə müəyyənləşdirilməsi, düsturların necə çıxarılıb, qrafiklərin necə qurulması, mövzu ilə bağlı tətbiqi xarakterli hansı tapşırıqlardan istifadə olunması, klasterlə necə iş aparması, tərtib olunmuş krossvordlar üzərində şagirdlərin necə işləməsi və s. kimi dərslərin bütün mərhələlərində apardığı iş barədə geniş məlumat verərək keçdiyi dərsin aydın mənzərəsini yaratdı. Digər mövzularda dərslər də bu qayda ilə seminar iştirakçılarının diqqətinə çatdırıldı. Sonra A.Səlimova həmkarlarının suallarını cavablandıraraq onları maraqlandıran ayrı-ayrı məqamlara aydınlıq gətirdi.

 Seminarda söz alan metodbirləşmə sədrləri A.Səlimovanın İnternet resurslarından istifadə yolu ilə hazırladığı elektron dərsləri yüksək qiymətləndirdilər və onun yayılmasını tövsiyə etdilər.