Maraqlı
təcrübələr
1. Yaşıl kirpi
Bu təcrübə üçün nazik
divarlı şüşə qab və ya şəffaf plastik rəngsiz butulka götürülür. Suya azca
brilyant yaşılı qatıb, onu şüşə qaba tökün (təxminən 10 sm hündürlükdə) və
bayırda və ya soyuducuda dondurun. Gözəldirmi? Donmuş suyun kənarları şəffaf və
rəngsizdir, ortasında isə "yumaq kimi bükülmüş yaşıl rəngli Kirpi var”! Su əvvəlcə səthə və
divarlara yaxın yerlədə donmağa başlayır, sonra isə donma prosesi mərkəzə doğru
yerini dəyişir, və burada çox sayda bir-birinə bitişik buz kristalları
yaranaraq, işığı bütün istiqamətlərə yayır. Su donarkən onun həcmi
böyüyür və buzda boşluqlar əmələ gəlir. Kristallaşma zamanı su brilyant
yaşılını sıxışdırır və boyayıcı maddənin molekullarının bir yolu qalır –
mərkəzə doğru!
2. Reaktiv hava şarı
Uşaqlar üçün hava şarını
üfürün, onun ağzını sapla bağlamazdan əvvəl, onun içərisinə diyircəkli qələmin
düz bucaq altında əyilmiş milini yerləşdirin. Hava çıxmasın deyə milin bayırda
qalan ucunu kibrit çöpü vasitəsi ilə tıxayın. Diametri bu şarın diametrindən az
olan bir ləyənçəyə su tökərək şarı onun içərisinə elə yerləşdirin ki, mil
böyürdə qalsın. Kibrit çöpünü çıxarın. Şarın içərisindəki hava çıxmağa
başlayacaq və şar suyun üzərində reaktiv qüvvənin təsiri altında fırlanmağa
başlayacaq.
3. Gümüş suyuna verilmiş yumurta
Parıltılı gümüş və ya nikel
qaşığı şam işığında qaralana qədər hisə versək, daha sonra həmin qaşığı su ilə
dolu stəkana yerləşdirsək, qaşıq birdən gümüşü rəngdə parlayaraq, şamın işığını
güzgü kimi əks etdirəcək. Qaşığın üzərindəki hisin təmizləndiyini düşünərək,
onu stəkandan çıxardıqda görürsən ki, qaşıq əvvəlki kimi qaradır! Bunun çox sadə izahı var.
His çox xırda hissəciklərdən ibarətdir, o qədər xırda ki, onlar suda çətinliklə
islanır; su qaşığa toxunmadan, onu nazik təbəqə ilə əhatə edir. Həmin plyonka
metal kimi parlayaraq, güzgü kimi alovu əks etdirir. Bu təcrübəni başqa cür də
apara bilərsən.
Şamın və ya lampanın
alovunda yumurtanı hisə verərək, onu suya yerləşdir. Yumurtanı sudan çıxarmayana
qədər o gümüşü rəngdə görünəcək.
4. Güzgüdəki rəqqas
Bu fokus üçün heç bir
hazırlığa ehtiyac yoxdur. Güzgülü şkafın arxasında şəkildə göstərilən kimi
dayan – bədəninin bir yarısı gizlənmiş olsun, digər yarısı isə şkafın
arxasından görünsün. Səndən öndə məlum məsafədə
dayanmış tamaşaçıya elə gələcək ki, o səni bütünlüklə görür. Sən bir əlini
qaldıranda, tamaşaçı elə biləcək ki, hər ikisini qaldırırsan. Bu tamaşaçını zərrə qədər
də təəccübləndirməz: axı iki əli birdən qaldırmaq elə də çətin iş deyil. Amma sən ayağını qaldırsan,
tamaşaçılar yaman təəccüblənəcəklər! Birdən sən ayaqlarını
yanlara açaraq, havadan asılı vəziyyətdə qalırsan. Lap ipi dartılmış karton
rəqqas kimi!
5. Rəngbərəng kürəciklər
Şəffaf stəkana müəyyən
hündürlüyə qədər gənəgərçək yağı tökün (apteklərdə satılır). Tələsmədən yağın
içərisinə adi akvarel boyası ilə rənglənmiş sudan bir damcı salın. Gənəgərçək
yağı ilə təmiz su praktiki olaraq eyni sıxlıqdadır. Su damcısı yavaş-yavaş
stəkanın dibinə çökəcək. Bir neçə rəngli məhluldan
istifadə olunarsa içərisində yağ olan stəkanda asılı qalmış rəngbərəng
kürəcikləri xatırladan mənzərə yaranacaq. Maraqlı haldır ki,
çəkisizlik vəziyyətində müxtəlif mayelərdən iri damla-kürələr almaq mümkündür
ki, bu da kosmosda elektrik qaynağı üzrə təcrübə aparılan zaman müşahidə
olunmuşdur. Həmin damcılar ərinmiş metaldan idi.
6. Amerikan təpəcikləri
Kağızın üzərinə bir damcı su sal – damcı geniş dairə şəklində yayılacaq: su kağızı isladacaq. Lakin kağızı əvvəlcədən yağlasan və ya onu şamın alovu üzərində hisə versən, su damcısı kağızın üzərində yastılanmış kürə şəklində diyirlənəcək. Mayenin bu xassəsindən məzəli oyun qurmaq üçün istifadə etmək olar. Qalın kağızdan uzun bir zolaq götürərək (onu bir neçə parçanı yapışdıraraq düzəldə bilərsən) onu ya hisə ver, ya da yağla. Masanın üstünə müxtəlif hündürlüklü bir neçə dayaq yerləşdir. Kağız zolağını həmin dayaqlara elə yapışdır ki, zolaq dalğa şəklində əyilsin; ən hündür dayaqdan nə qədər çox uzaqlaşacaqsa, dalğalar bir o qədər sərt burulmalıdır. Kağız lentin aşağı ucunun altına boşqab qoy. Kağızın yuxarı ucundan bir damcı su burax. Damcı mail müstəvi üzrə diyirlənərək, sürətlə birinci təpəciyə çıxacaq, onu aşaraq, hərəkətinə davam edəcək. Damcı damcı arxasınca bütün "təpəcikləri” aşaraq, birbaş boşqaba düşəcək. Bu zaman hətta adama elə gəlir ki, damcılar bir-birini ötüb keçmək istəyir.